Nərimanov RİH-dən baxımsız ailə ilə bağlı açıqlama - "Məşğul olacağıq"
11.06.2015 17:19 Sosreaksiya 2171

"Biz həmin uşaqlara kömək etməyə çalışdıq, amma elə məsələlər var ki, bizim vəzifə və səlahiyyətlərimizə daxil deyil"
Ötən gün Reaksiya.Az saytında dərc olunan, Nərimanov rayonu, Montin qəsəbəsi, Mayakovski 17, mənzil 18 ünvanından hazırlanmış reportajla bağlı (reportajı buradan oxu) rayon rəhbərliyindən münasibət bildirilib.
Nərimanov RİH-in hüquq şöbəsinin müdiri Firdovsi Calalov Reaksiya.Az-a bildirib ki, 16 yaşlı Vidadi Baxışovun və 12 yaşlı Validə Baxışovanın acınacaqlı həyat şəraiti və problemləri ilə bağlı xəbərdardır.
"Bu il "Novruz" bayramı ərəfəsində həmin uşaqlarla bağlı məlumat aldım, ikisini də RİH-ə dəvət etdik, sonra aparıb onlar üçün lazımi bazarlıqlar etdik. Onlara köməklə bağlı rayon rəhbərliyi də bizə tapşırıq verdi, yaşadıqları mənzili təmir etməyə qərar verdik. Həmin mənzildə hamam-tualet və su sistemi ilə bağlı təmir aparılarkən, onların xalası bizə imkan vermədi və evdən çıxardı. Həmin qadın (Olya Parşina - red.) uşaqlarla yaşamaq istəmir, bizə də müraciət edib ki, mən o uşaqlarla yaşaya bilmirəm. Biz həmin uşaqlara kömək etməyə çalışdıq, amma elə məsələlər var ki, bizim vəzifə və səlahiyyətlərimizə daxil deyil. Vidadiyə şəxsiyyət vəsiqəsi verilməsi üçün də iş görürük və yaxın müddətdə sənəd ala biləcək . Qızı isə internat məktəbinə yerləşdirmək istədik, özü imtina etdi ki, atam xəstədir, ona baxmalıyam".
O.Parşinanın mənzili satmaq qərarı və uşaqları evdən çıxaracağı ilə bağlı məsələni isə F.Calalov belə şərh edib: "Bilirəm ki, mənzillə bağlı problem var və xalaları uşaqların evdə yaşamasını istəmir. Lakin mənzilin satılması ilə bağlı biz Dövlət Əmlak Komitəsinə məktub göndərə və bu işin qarşısını ala bilərik. Bu işlə məşğul olacağıq".
Reaksiya.Az digər qurumlara da sorğu göndərib, bu məsələ nəzarətdə saxlanılacaq.
Rüfət Əhmədzadə
Reaksiya.az
Şərhlər