Hüquqşünas: "Həmin ailə ödənişsiz sosial xidmətlərdən yararlana bilər" - "Xilas et!" layihəsi

16.06.2015 17:32     Sosreaksiya     4543

“Reaksiya” Ekspert Qrupunun üzvü, hüquqşünas Ruslan Vəliyev “Təmiz dünya” İctimai Birliyi və Reaksiya.Az portalının “Xiles et!” layihəsi əsasənda Montin qəsəbəsində hazırlanmış reportajı və Baxışovlar ailəsinin problemlərini hüquqi baxımdan şərh edib (repotajı burdan oxuyun).

Ruslan Vəliyev bildirib ki, iflic xəstəsi olan Xalidşah Baxışov qanunla aidiyyatı olan qurumların səyyar sosial xidmətindən faydalana bilər.

“AR Nazirlər Kabinetinin 31.01.2013-cü il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Evdə (səyyar) sosial xidmətin göstərilməsi Qaydası”na əsasən, 1942-ci il təvəllüdlü xəstə Xalidşah Baxışova evdə yemək hazırlanmasına kömək etmək (o cümlədən diyetik yeməklər), xəstələri yedizdirmək və qabları yumaq, şəxsin çimizdirilməsinə, saçlarının daranmasına yardım etmək, yataq dəstlərini dəyişdirmək, yataq və geyim əşyalarını yumaq və ütüləmək, yataq və geyim əşyalarını camaşırxanaya, kimyəvi təmizləmə məntəqəsinə (əgər camaşırxana və kimyəvi təmizləmə məntəqəsi varsa) aparıb-gətirmək, paltarların xırda təmirini etmək, mənzili yığışdırmaq və təmizləmək, zəruri ərzaq, sənaye və məişət mallarını almaq, mənzil pulunun və digər kommunal xərclərin ödənilməsini təşkil etmək, istiliyə, yanacağa, təmirə olan ehtiyacların ödənilməsi məqsədi ilə aidiyyəti təşkilatlarla əlaqə saxlamaq, həyətyanı sahəni nizama salmaq, evə həkim çağırmaq, həkimin təyinatı ilə aptekdən dərman almaq, həkim müayinəsinə aparıb-gətirmək, sosial xidmətə götürülmüş vətəndaş vəfat etdikdə, dəfni ilə bağlı məsələlərin həllinə köməklik göstərmək kimi xidmətlər göstərilə bilər”.

 O qeyd edib ki, “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, çətin ailə şəraitində olan ailə kimi həmin ailə dövlətin sosial xidmətinə götürülə bilər və həmin ailəyə müxtəlif yardımlar göstərilə bilər.

 “Həmçinin, “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, həmin ailə aztəminatlı ailə kimi qeydiyyata alına bilər və həmin ailəyə ünvanlı sosial yardım təyin oluna bilər. Azərbaycan Respublikası  Prezidentinin 08.05.2012-ci il tarixli 626 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”na əsasən, 16 yaşlı Vidadinin və 12 yaşlı Validənin təhsillərinin davam etdirilməsi, onlara tibbi yardımın göstərilməsi üçün tədbirlər görülə bilər.  AR Nazirlər Kabinetinin 07.03.2008-ci il 7 mart tarixli 66 nömrəli qərarı ilə təsdiq edilmiş “Yetkinlik yaşına çatmayanlar üçün ixtisaslaşdırılmış sosial reabilitasiya müəssisələrində yetkinlik yaşına çatmayanlara xidmət göstərilməsi Qaydası”na əsasən, həyatda çətin vəziyyətə düşmüş və təcili dövlət yardımına ehtiyacı olan yetkinlik yaşına çatmayanlara sığınacaqlara və sosial reabilitasiya mərkəzlərinə yerləşdirilərək onlara müxtəlif növ yardımlar təşkil oluna bilər”, - deyə hüquqşünas əlavə edib.

R.Vəliyev vurğulayıb ki, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, yetkinlik yaşına çatmayanların, onların valideynlərinin və ya digər qanuni nümayəndələrinin xahişi ilə, yaxud yetkinlik yaşına çatmayanların hüquq pozuntularının profilaktikasını həyata keçirən orqan və müəssisələrin vəzifəli şəxslərinin təşəbbüsü ilə sosial təhlükəli vəziyyətdə olan və ya digər çətin vəziyyətə düşmüş yetkinlik yaşına çatmayanlara ödənişsiz sosial xidmətlər göstərilə bilər.

Aidiyyatı olan qurumların da bu istiqamətdə mövqeyini öyrənməyə çalışacağıq. Qeyd edək ki, Reaksiya.Az-ın reportajından sonra Nərimanov RİH-in hüquq şöbəsinin müdiri Firdovsi Calalov 16 yaşlı Vidadi Baxışova şəxsiyyət vəsiqəsi verilməsi və xalası Olya Parşina tərəfindən evin satışının qarşısının alınması ilə bağlı köməklik göstərəcəyini vəd edib (açıqlamanı burdan oxuyun).

Məsələni diqqətdə saxlayacağıq. 

Şərhlər